Novruz bayramı haqqında geniş məlumat

Novruz Bayramı
Novruz bayramı Yeni Gün bayramı, Bahar bayramı kimi də adlandırılan və fərqli ölkələrdə birneçə adla tələffüz olunan
yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Hələ də bu bayram davam edir.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-Kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.
Mənşəyi və tarixi
Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.
Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Çərşənbələr
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
- Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
- İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
- Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
- Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.
Adətləri
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
- Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
- Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
- Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - ığırlığım odda yansın".
- Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
- Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
- Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
- Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
- Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
- Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
- Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
- Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
- Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".
Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz Dünya xalqlarının bayramı kimi
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.Azərbaycanda Novruz bayramı
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramına aid musiqilər
- Üzeyir Hacıbəyov - "Bahar nəğməsi"
- Məmməd Quliyev (bəstəkar) - "Aldanmış ulduzlar" (1977) operasında yazmış və əsərə Novruz bayramı ilə bağlı olan xalq səhnələri daxil edilmişdir
- Vasif Adıgözəlov - Rəfiq Zəka Xəndanın sözlərinə dörd hissəli "Novruzum" kantatası (1993)
- Fikrət Əmirov - "Gülür ellər" mahnısı
- Ramiz Mirişli - "Bayram axşamlarında"
- Oqtay Zülfüqarov - "Uşaq mahnı topluları"
- Elnarə Dadaşova - Hüseyn Cavidin sözlərinə "İlk bahar", Abdulla Şaiqin sözlərinə "Səməni" ("Uşaq albomu" mahnı silsiləsindən), Səməd Vurğunun sözlərinə "Bahar şərqisi" və "Elimə novruz gəlir"
- Rəhilə Həsənova - "Kos-kosa" balet-pantomima
- Sərdar Fərəcov - simli kvartet üçün 5 hissəli süita (1984): yallı, deyişmə, məzə, qulaq falı, rəqs.
- Cəlal Abbasov - "Bahar mərasimi" kantatası (1986), rus dilində "Şən bahar" uşaq operası
- Azər Dadaşov - 2 soprano və orkestr üçün "Bahar duası" ariyası, Vahid Əzizin sözlərinə "Bahar tonqalı" və M. Ə. Sabirin sözlərinə "Gəl, gəl, a, yaz günləri" uşaq mahnıları
- Şəfiqə Axundova - "Xoş gəlmisən" mahnısı
- Əfsər Cavanşirov - "Xoş gəldi yaz bayramı"
- Cavanşır Quliyev - "Novruz Gəlir"
- Məmmədbağır Bağırzadə - "Şəkərbura-Paxlava"
- Aygün Kazımova - "Novruz gəlir"
Novruz bayramına aid filmlər
- Novruzun çələngi (film, 1989)
- Novruz (film, 1995)
- Novruz Bayramı (film, 2006)
- Ocaq (film, 1987)
Novruz bayramı Ədəbiyyatda
Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Lap qədimlərdə Novruza hələ bir ay qalmış hazırlıqlar görünər, təbiətin oyanması ilə xarakterizə olan bayrama hər çərşənbə ötdükcə daha da yaxınlaşardılar. İlaxır çərşənbələr və Novruz bayramının özü xalqın milli özünüdərkində əsaslı yer tutub. Həm Turan, həm İran, həm də ümumən, Şərq dünyagörüşündə Novruza müxtəlif baxışlar olub. Bir çox Şərq mütəfəkkirləri Novruzun fəlsəfəsi, mahiyyəti haqqında mükəmməl fikirlər irəli sürüblər.
Əl-Biruni Novruz bayramı haqqında geniş və mükəmməl məlumatlar verib. O, Novruzla bağlı yalnız “Avesta” məlumatları ilə kifayətlənməyib, yaşadığı dövrdə xalqın yaddaşında “oturuşmuş” əfsanələrə də yer verib. Belə deyirlər ki, Davud peyğəmbərin oğlu Süleyman üzüyünü itirib, hakimiyyətdən uzaqlaşandan 40 gün sonra üzüyünü yenidən özünə qaytarırlar. Üzük qaytarılandan sonra yenidən taxt-taca sahib olmuş Süleymanın hüzuruna yer üzünün hökmdarları təşrif buyururlar, quşlar da onların başının üstünə yığışır. Bu qələbəliyi görən farslar deyirlər: “Novruz aməd”, yəni “Yeni gün gəldi”. Süleyman küləklərə əmr etdi ki, onu götürüb aparsınlar. Süleyman peyğəmbərin qarşısına çıxan qaranquş dedi: “Ey hökmdar, yuvamda yumurtalarım var, yana çəkil, onları əzmə”. Süleyman yana çəkildi. O, yerə enəndə qaranquş dimdiyində gətirdiyi suyu Süleymanın qarşısında yerə çilədi, ona bir çəyirtkə budu bağışladı. Elə bu səbəbdən də Novruz bayramında yerə su çiləyir və hədiyyələr verirlər.
Ə.Biruni Mehrikan bayramı haqqında da söhbət açmışdır: